TARİXİMİZ

“Nar”  qalereyası 2005-ci ildə fəaliyyətə başlamışdır. Qalereyanın  yaradıcısı  biznesmen, siyasətçi və mesenat, incəsənətin hədsiz vurğunu olan Fərhad Əhmədovdur. O, neçə illərdir ki, bütün dünya üzrə incəsənət əsərlərinin toplanmasına böyük vəsait qoyur. Fərhad Əhmədov Vətənində XX əsrin müxtəlif bədii istiqamətlərinə aid əsərlərdən ibarət olan Azərbaycan rəngkarlıq məktəbi unikal kolleksiyasını ardıcıllıqla yığır.

article_1

F. Əhmədov özünün incə duyumuna əsaslanaraq məşhur Azərbaycan rəssamlarının əsərlərini alarkən, tanınmış klassiklərin rəsmləri ilə yanaşı Azərbaycan rəssam-nonkonformistlərinin də işlərini toplamışdır. Onun kolleksiyasında Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Əbdül Xalıq, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Mahmud Tağıyev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov, Əşrəf Murad, Cavad Mircavadov, Rasim Babayev, Tofiq Cavadov, Ucal Haqverdiyev, Elyar Əlimirzəyev kimi firça ustalarının və adları Azərbaycan incəsənətinin qızıl fonduna daxil olmuş digər sənətkarların əsərləri yer almışdır. İlk əldə edilmiş əsər Toğrul Nərimanbəyovun məşhur “Narlar”ı olmuş və bununla da kolleksiyanın yaradılmasının tarixi başlanmışdır. Bu səbəbdən də qalereya həmin əsərin şərəfinə adlandırılıb.

İllər ərzində kolleksiya olduqca böyümüş və Fərhad Əhmədov bütün sənətsevərlərin ixtiyarına verilə biləcək daimi ekspozisiya yaratmaq fikrinə düşmüşdür. Bakının ürəyi olan İçəri Şəhərin Asəf Zeynallı küçəsində münasib yer də tapılmışdır. Qədim şəhərin bir çox tikililəri kimi ikimərtəbəli binanın da özünəməxsus  tarixi var. Keçmiş zamanda burada atəşpərəstlik ibadətgahı yerləşib. 1878-ci ildə onun yerində “Lənkəran” mehmanxanası tikilib. Mehmanxananın  binasında müqəddəs atəşin izləri qalan daxili həyət mövcud olmuşdur. Sovet  dövründə bu binada milis şöbəsi yerləşmişdir. Binanın zirzəmisi isə uzun illər  istifadə olunmamış və ötən dövrlərin “arxeoloji” layları altında qalmışdır. Son dövrlərdə aparılmış qazıntılar və restavrasiya işlərindən sonra zirzəmidə çoxsəviyyəli, nizamla  sıralanmış zallardan ibarət geniş sahə aşkar olunmuşdur.  Bu zallara doğru qədim hörgülü yarımdairəvi tağlar gedir. Qalereyanın bu qədim şəhər kimi zamanın gərdişinə sinə gərən  şedevrləri məhz burada yerləşir.

article_2

Artıq on ildir ki, “Nar”, sənətsevərləri sevindirir. Kolleksiya daim zənginləşir, qalereya isə öz fəaliyyətini genişləndirir. Rəsm qalereyasının eksponatları yeniləşən ekspozisiyada daimi olmur. Belə ki, onlar beynəlxalq vernisajlarda, nüfuzlu sərgi meydançalarında, o cümlədən, Londondakı “Sotbis” və “Saatçi” qalereyasında, həmçinin dünyada müasir incəsənətin ən məşhur  beynəlxalq sərgisi olan Venesiyada iştirak edərək Azərbaycan incəsənətini tərənnüm edir.

“Nar” galereyasında təqdim olunan Azərbaycan rəngkarlıq kolleksiyasında 300 çox əsər saxlanılır. Burada realizmdən tutmuş modernizmə kimi incəsənətin müxtəlif istiqamətərinə aid XX əsr Azərbaycan rəssamlarının əsərləri toplanılıb saxlanılır. Kolleksiyanın əsasını çox vaxt adları ölümlərindən sonra tanınan  nonkonformist rəssamların əsərləri təşkil edir. Azərbaycan avanqardının  məşhur nümayəndəsi olan Əşrəf Muradın işlərindən ibarət  ən əhəmiyyətli kolleksiya  məhz “Nar” qalereyasında toplanaraq  sənətsevərləri rəssamın yaradıcılığı ilə tanış edir.

Ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəllərində Azərbaycanda  sosialist realizmin bədii qanunlarının dar çərçivələrini konseptual və üslub cəhətdən xeyli genişləndirə bilən sənətkarların bütöv bir pleyadası yaranır. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Xalidə Səfərova, Mahmud Tağıyev və digərləri yaxma virtuozluğu, kolorit nəfisliyi, fəlsəfi fikrinin dərinliyi ilə seçilən əsl şah əsərləri yaratmışlar. Qalereyada müxtəlif janrlarda əsərlər təqdim edilmişdir: sənaye və lirik mənzərə, müasirlərin, siyasətçilərin portretləri, əmək və idman mövzusunda janr kompozisiyaları, özünəməxsus koloritə malik natürmortlar.

“Nar” qalereyasında saxlanılan hər hansı bir əsəri xüsusi vurğulamaq çox çətindir. Burada təsadüfi eksponatlar yoxdur. Qalereyaya gələn hər bir kəs özünə yaxın və ruhu ilə həmahəng olan nəyisə ürəyində aparır. Kiməsə Mikayıl Abdullayevin “Pambıq yığanlar” əsərinin incə cazibədarlığı, tablonun nəfis koloriti və qız fiqurlarının plastik kütləsinin gözəlliyi təsir edəcək, kimsə poeziya və romantizimlə dolu olan Səttar Bəhlulzadənin mənzərələrini qeyd edəcək, kimsə də Tahir Salahovun sərt üslubuna laqeyd qalmayacaq. Qalereya kolleksiyasının işarəvi əsərlərindən biri üsyançı və ruh titanı, istedadının gücü ilə adililik və mistikliyi, məişət və fantasmaqoriyanı bir-birinə bağlamış Cavad Mircavadovun “Toy” əsəridir. Diqqəti cəlb edən əsərlərdən yaradıcılığına xalq folklorunun güclü ruhu, ənənəvi Azərbaycan təsviri incəsənətinin obrazlı-assosiativ simvollarının  sirayət etdiyi Toğrul Nərimanbəyovun “Çayxana” seriyasını göstərmək olar.

F.Əhmədov Gennadiy Brijatyuk kimi  fitri istedada malik rəssamın şedevr rəsm əsərlərini  toplamışdır.  Parlaq kolorist olan rəssamın ən məşhur işlərindən biri   şəfəq saçan, işıqlanan rənglərin effektli uyğunluğu ilə  həll edilmiş “Çılpaq qadın” əsəridir: firuzəyi,  bərq vuran qızılı ,  incə, şəffaf farforun rəngi ilə çəkilmiş qızın  işıq saçan  elastik qaməti harmoniya və mükəmməlliyi ilə insanı heyrətləndirir.

Fərhad Xəlilov tamaşaçılara öz Abşeronunu hədiyyə edir. Onun “Çəhrayı kol” əsəri yalnız mənzərə deyil, bu, həyatın, çiçəklənən torpağın tükənməz bərəkətinin simvoludur.

Kolleksiyada post-sovet generasiyası rəssamlarının – Müseyib Əmirov, Elyar Əlimirzəyev, Səbinə Şixlinskaya, Məlik Ağamalov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva və başqalarının əsərləri toplanmışdır. Onların hər biri öz bədii-plastik dilini taparaq parlaq və özünəməxsus bir şəkildə hiss və həyacanlarını ifadə etmişlər. “Nar” qalereyasında post-sovet dövrü Azərbaycanın ən görkəmli rəssamlarından biri Şamo Abasovun zəngin qrafik və rəsm əsərlərindən ibarət böyük kolleksiyası saxlanılır.

Ötən yüzilliyin  və bizim müasirlərimiz olan rəssamların “Nar” qalereyasında saxlanılan əsərlərini daim bizə işıq saçan və şəfəqləri  heç vaxt  sönməyən ulduzlara bənzətmək olar .