Londonda Fərhad Xəlilovun sərgisi

“AZNAR” şirkəti Azərbaycanın ən görkəmli müasir rəssamlarından biri olan Fərhad Xəlilovun Londonda keçirilən sərgisinin sponsoru oldu.
Şirkətin rəhbəri - incəsənətə yüksək qiymət verən məşhur sahibkar Fərhad Əhmədov çoxdan öz adaşının yaradıcılığının pərəstişkarıdır. Və bu sərgi F.Xəlilovun “AZNAR” şirkətinin sponsorluğu ilə təşkil edilən heç də ilk sərgisi deyil. Qeyd edək ki, mesenat artıq on ildir ki, Bakının ən iri özəl “Nar” qalereyasının sahibidir. Həmin qalereyanı dünya şöhrətli Azərbaycan rəssamlarının möhtəşəm əsərləri bəzəyir.
Fərhad Xəlilov rənglərdən özünəməxsus tərzdə istifadəsinə və unikal boyakarlıq üslubuna görə Avropada ən populyar olan Azərbaycan rəssamlarından biridir.

Müasir incəsənətin adlı sanlı hamilərindən olan Paolo Kolombonun təşkil etdiyi bu sərgidə Fərhad Xəlilovun bütün insani hisslərinin cəmləşmə cövhərini özündə əks etdirən xüsusi üslubda çəkilmiş rəngkarlıq əsərləri nümayiş etdirilir. Daim daxili axtarışda olan müəllif bizi asketik təmkinlikdən tutmuş həyatın anlarına nur saçan və həqiqi sevinc bəxş edən emosional etiraflara qədər keçirdiyi hisslərin geniş diapazonu ilə heyrətləndirir.

İnsan dərrakəsinin “dəymiş səmərələri” təsvir edilən tablolarında Fərhad Xəlilov bəşər təcrübəsinə müraciət edərək var olmanın mənası və doğulan sonra isə sonsuzluğun hökm sürdüyü yoxluğa qovuşan sivilizasiyalar haqqında düşüncələrə dalır …

2011-ci ildə yenə də “AZNAR” şirkətinin dəstəyi ilə Londonda keçirilmiş ilk fərdi sərgisindən sonra təşkil olunan bu sərgi Avropanın incəsənət dairələrinə bizim görkəmli soydaşımızın əsərləri ilə tanış olmaq üçün yeni bir fürsət verir.

Bu dəfə Fərhad Xəlilovun sərgidə nümayiş etdirilən ekspressionist əsərlərinə tamaşa etmək üçün Londonun məşhur Saatçı qalereyasına İngiltərə paytaxtının incəsənət sevənləri, Britaniya hakim dairələrinin nümayəndələri və Londonda yaşayan və fəaliyyət göstərən Azərbaycanlılar toplaşmışlar.  Sərgi martın 11-dən 23-nə qədər təqribən iki həftə ərzində davam edəcək. Təəssüflər olsun ki, “AZNAR” şirkətinin sahibi Fərhad Əhmədov açılış mərasimində iştirak edə bilmədi. Amma onu bu sərginin baş tutması üçün az iş görməmiş iki oğlu Teymur və Edqar layiqincə təmsil etdilər. Bu iki gənc Azərbaycan incəsənətinin xaricdə təbliğ edilməsi işinə verdikləri töhfələrinə görə xoşbəxt olduqlarını dilə gətirdilər və atalarının təşəbbüsünü tam dəstəklədiklərini qeyd etdilər.

Əminik ki, “AZNAR” şirkətinin dəstəyi ilə təşkil edilmiş bu sərgi Azərbaycan incəsənətinin dünyada irəli getməsinə yeni təkan verəcək. Birinci addım atıldı və artıq ən iri beynəlxalq incəsənət hərracı olan Sotbizin ekspertləri rəssamın əsərlərini bu ilin iyun və noyabr aylarında keçiriləcək hərraclara çıxarmağı təklif etdilər.

Məkan:

Saatchi Gallery, King’s Road, London

Giriş detalları:
11 - 23 Mart, 2015